BölmələrRU
Xidmətlər
 

Apellyasiya Məhkəməsi Leyla Şıxlinskaya klinikasını 114 min cərimələdi - Keysər doğuşuna gələn qadın bu hala düşüb

Bakı Apellyasiya Məhkəməsində Leyla Şıxlinskaya Klinikasının 114 min manat təzminat ödəməsi, səhlənkarlığa yol vermiş həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə xüsusi qərar çıxarılıb prokurorluğa göndərilməsinə qərar verilib. Bu qərar 2017-ci il iyulun 17-də klinikada qeysəriyyə əməliyyatı zamanı komaya düşmüş, komada olarkən hər iki ayağı yanmış və zəhərin qana yeriməsi nəticəsində beynində problemlər yaranan Kəmalə Atakişiyevaya görə verilib.

Medicina.az xəbər verir ki, K.Atakişiyevanın yaxınları Xətai Rayon Məhkəməsində klinikaya qarşı 500 minlik iddia qaldırsalar da, hakim onu qismən təmin edib. Məhkəmə 40 min manat təzminat müəyyənləşdirib. Bu qərardan verilmiş apellyasiya şikayətinə Xumar Mərdanovanın sədrliyilə, İkram Şirinov və Elnur Həsənovdan ibarət hakimlər baxıb.

K.Atakişiyeva üç uşaq anasıdır. 2017-ci il iyulun 17-də üçüncü övladını dünyaya gətirmək üçün klinikaya daxil olan qadın sentyabrın 12-də oradan çıxarılıb. Səhhətində yaranmış problemlər üzündən, o, özünü idarə etmək iqtidarında deyil.

K.Atakişiyevanın həyat yoldaşı Azər Atakişiyev bildirib ki, qərardan Ali Məhkəməyə şikayət veriləcək: "Gənc bir qadın birinci qrup əlil olub. Onu ömürlük şikəst eləməklə üç uşağı da bədbəxt eləyiblər. İndiyə qədər çəkilən xərclər, mənəvi əzab bir yana, bundan sonra da ona nə qədər vəsait lazımdır. Azərbaycanda, Türkiyədə müalicəsi yoxdur. Deyilənə görə, İsraildə mümkündür, ona da 100 min dollara yaxın pul lazımdır”.

Klinikadan isə içxəbər.az-a bildirilib ki, K.Atakişiyevanın bu vəziyyətə düşməsində həkimlərin günahı olmayıb. "Tibbi ekspertiza ona "dölyanı mayenin emboliyası” diaqnozu qoyub. Bütün dünyada bu diaqnozla xəstələr adətən tələf olurlar, onları xilas eləmək çox çətindir. Sağ qalanda da mütləq hansısa fəsadları olur. Dünyada da elə bir tibbi avadanlıq yoxdur ki, bunu öncədən təyin edə bilsin”, - deyə Leyla Şıxlinskaya Klinikasının direktoru Rafiq Dəmirçalov bildirib.