Anadangəlmə onurğa əyriliyi, skoliozu, revmatoid artriti, onurğa yırtığı olanların çarəsi – Türkiyənin onurğa uzmanından açıqlamalar

  • 2018.05.16 16:55
  • 27212 Baxış
Anadangəlmə onurğa əyriliyi, skoliozu, revmatoid artriti, onurğa yırtığı olanların çarəsi –  Türkiyənin onurğa uzmanından açıqlamalar
Türkiyənin tanınmış uzman travmatoloq-ortopedi, LİV Hospitalın Onurğa Cərrahiyyəsi bölümünün rəhbəri professor Çağatay Öztürk dünyada ən çətin, inanılmaz əməliyyatlara imza atmış uzmandır. Bu yaxında Bakıda olub həm pasiyentləri ilə görüşən, həm də Medicina.az-a müsahibə verən həkimin onurğa və sümük-dayaq sistemi problemləri ilə bağlı maraqlı açıqlamalarını aldıq.


 

 - Çağatay həkim, sizin qəbulunuza dünyanın dörd yanından xəstələr gəlir. Bakıda da bu gün xəstələrlə görüşdüz. Oxuculara açıqlayardız, hansı xəstələr hansı problemləri ilə sizə üz tuta bilər?


Onurğa, bel, aşağı ətraflar, çiyin üzrə bütün ciddi, irəliləmiş xəstəliklərdə, cərrahi yöntəmdə müalicə lazım olan bütün xəstələr müraciət edə bilər. Həmçinin uşaq və yeniyetmələrdə skolioz, onurğa əməliyyatları edirik. LİV Hospitalda onurğa üzrə elə əməliyyatlar edirik ki, əminəm ki, hər yerdə olunmur. Çünki biz cərrahiyyədə ən son texniki imkanları tətbiq edirik, xüsusən robotik cərrahiyyə bizdə çox inkişaf edib. Biz artıq diz və bud protezlənməsini də robotla edirik. Çünki protezlərin bəlli bir ömrü olur, o da protezin doğru yerləşməsindən asılıdır. Robot sistemi protezin daha düzgün qoyulmasını təmin edir. Skolioz əməliyyatlarında da robotik cərrahiyyə tətbiq olunur ki, bu əməliyyatlarda həkim, yəni insan səhvini sıfıra endirir. Düzdür, əməliyyatın proqramını sistemə yenə də cərrah daxil edir, amma robot bizə doğru yolu göstərir. 

 

Onurğası, sümüyü, beli qırılan xəstə dərhal əməliyyata alınmalıdır.

Amma bəzi xəstəxanalarda bu müddət əldən verilir, nəyisə gözləyirlər.

Çünki sümük və fəqərə qırıntısı altında qalan sinir nə qədər çox müddət təzyiq altında qalırsa, bir o qədər zədələnir və onu bərpa etmək çətinləşir.




-Gürcüstanın məşhur aparıcısının qızı 5-ci mərtəbədən onurğası üstə yıxıldı, sağ qaldı. Amma Gürcüstanda olunan ilkin müdaxilə və əməliyyatlar uğursuz olduğundan qız yataq xəstəsi olaraq qalacaqdı, yerimirdi. Amma sizin əməliyyat və reabilitasiyadan sonra o qız gəzməyə başladı.  Yəqin ki, Gürcüstan, Qazaxıstan, Rusiya, Azərbaycandan belə ağır xəstələriniz olur. 


-Bəli olub. Burda tibbi şərtlər çoxdur. Yaralanmanın forması, hadisədən nə qədər vaxt keçib, ilkin əməliyyat nə qədər uğurlu olub- bunlar hamısı şərtdir. Nə qədər tez müraciət etsələr, o qədər yaxşıdır.  Adətən belə xəstələrdə fəsadlar ilkin müdaxilədəki səhvlərdən yaranır. Onurğası, sümüyü, beli qırılan xəstə dərhal əməliyyata alınmalıdır. Amma bəzi xəstəxanalarda bu müddət əldən verilir, nəyisə gözləyirlər. Çünki sümük və fəqərə qırıntısı altında qalan sinir nə qədər çox müddət təzyiq altında qalırsa, bir o qədər zədələnir, ölür və onu bərpa etmək çətinləşir. Gücrüstanlı qızda yanlış əməliyyat bir tərəfə, infeksiyaya da yoluxmuşdu. 3 həftə müddət itirmişdi. Halbuki həmən an biz etsəydik, qız əməliyyatdan sonra dərhal yeriyəcəkdi. Çox cərrahlar qırığı, sınığı əməliyyat edir, amma sinirlə uğraşmır, sibnirlər zədəli qalır. Xəstə də gözləyə-gözləyə vaxt itirir,  o zaman gec olur və artıq xəstə gəzə bilmir. Pasiyentlərə də deyərdim ki, burda ilkin əməliyyat olsa da, vaxt itirmədən müayinə sənədlərini bizə göndərsinlər. Təbii ki, əgər onurğa sütunu bütünlüklə sınıbsa, sümüklər dağılıbsa, nə qədər yaxşı əməliyyat etsək də fayda olmaz. O xəstəyə düzgün fizioterapiya prosedurları olunmalıdır ki, həyatına bir şəkildə davam edə bilsin. 

 


-Azərbaycanda revmatoid artritli uşaqlar çoxdur. Valideynlər uşaq qucaqlarında həkim gəzdirir, çoxu uşaqları əməliyyat etmir ki, böyüsün. Uşaqların sümükləri əyilir, gəzə bilmir və yataqda qalır. Bunun üçün təklifləriniz varmı? 

 

 -Revmatoid artritdə düzgün dərman müalicəsi davam etməklə yanaşı dayaq-sümük sistemində əməliyyat olunaraq, gəzməsindəki problem aradan qaldırılır. Dizdə problem varsa, dizə protez qoyulur, boyunu çox sıxırsa, boyun əməliyyat olunur. Əl barmaqları deformasiya olubsa, barmaqlara da protezlər qoyulur. O uşaqların ömür boyu yatağa məhkum olunması düzgün deyil. Təbii ki, tez müraciət olunmalıdır. Bİzdə yaş həddi yoxdur. 2-3 yaşından sonra əməliyyat edirik. 10 yaşa kimi gözləmək gecdir. Mən yaş yarımlıq körpəni də əməliyyat etmişəm. Amma bu insanlar ömür boyu dərman müalicəsini davam etdirməlidirlər. Valideynlərə məsləhətim, revmatoid artritli övladınızın sümük sistemi üçün uşaq hələ kiçik ikən əməliyyat düşünün, boşuna fizioterapiya, dərman möcüzəsi gözləməyin. 

 




 Bel yırtığı xroniki xəstəlikdir: yüksək təzyiq, şəkər kimi. Tutdusa buraxmaz.

İnsan ona uyğunlaşacaq. Və heç kim bu xəstəlikdən sığortalanmayıb, mən belə.


 -    Bəs skoliozu olan uşaqların əməliyyatı üçün yaş həddi varmı?


 Skoliozun növünə bağlıdır. Skoliozların böyük qismi yeniyetmə dövründə üzə çıxır. Ona görə   12-13 yaşdan sonra əməliyyat olunur. Amma doğuşdan olan skoliozlarda körpə yaşlarından onurğa sürətlə əyilməyə başlayır. Bu körpələr 2-3 yaşında əməliyyat olmalı, onurğa düzəldilməlidir. Əgər əməliyyat olmazsa, skolioz 4 cü dərəcəyə çatıb, sonradan düzəldilməsi  çətin olacaq.  



-  İnsanlarımız onurğa yırtığından əziyyət çəkir. Amma bu problemdə əməliyyat ən son çarə olaraq düşünülür. İnsanlar uğursuz əməliyyatdan qorxur və ömrünün sonuna kimi dözür.


Əslində, onurğa əməliyyatını işi yaxşı, düzgün bilməyən biri edərsə, uğursuz ola bilər. Bu işi bilən etməlidir. Bİz bu işi dünya səviyyəsində, ən son modern texnologiya və uzun illərin təcrübəsi, biliyi ilə icra edirik. Hər xəstəyə özəl yanaşılmalıdır. Onurğa yırtığı əməliyyatının yüzlərlə texnikası var.  Bİz 140-150 dərəcəlik əyilmədə də əməliyyat edirik. İllər ərzində onurğa əyildikcə daxili orqanlar da yerini dəyişir. Onurğa əməliyyatlndan sonra o orqanlar da öz yerini alır. İlk başda bir az çətin olur, orqanizm toparlanana kimi çətinlik var. Belə ağır əməliyyatları 2 hissəli edirik. Birinci əməliyyatı edib, bədənə, orqanizmə fasilə verib, sonra ikinci seansı edirik. Onurğa əyilməsi əməliyyatı 13 yaşdan 25 yaşa kimi daha uğurlu alınır. 25-40 yaş arası insanlarda bir az problem olur. Amma o da aradan qaldırılır. 40 yaşdan sonra bel sümüyü kiçilməyə başlayır və skolizun yanına bel yırtığı da əlavə olunur. Bu xəstələrə fərqli əməliyyatlar olunur, burda sinir də təzyiqdən azad olunmalıdır. Skolioz və onurğa yırtıqlarında masaj, idman və s. vaxt itirmək olmaz.  Hər skolioz və yırtıq masajla düzəlsəydi, həyat nə gözəl olardı. Təəssüf ki olmur. Əməliyyat göstərişdirsə, olmalıdır. Bu  xəstənin gələcəyi üçün önəmlidir. 


Onurğa fəqərə yırtıqlarında həkiimdən öncə xəstənin görməli olduğu üçün işlər var. Bu xəstəlikdən müalicə 70% xəstədən asılıdır. Tutaq ki,  yırtığı əməliyyat etdik, ağrı aradan qalxdı, əvvəlki kimi yaşaya biləcəyəm deyə bir qanun yoxdur. Onurğa yırtığı xəstəliyi şəkər xəstəliyi kimidir. Bu diaqnoz qoyulduğu gündən insan həyatını dəyişməlidir. Ağırlıq qaldırmaq, özünə baxmamaq, siqaret, idman etməyəcək, kilo alacaq – bu halda əməliyyat da kömək etməz. Ona görə əməliyyat olub, bir müddət sonra yenidən problem yaşayan çox xəstələr var. Onurğa yırtığı əməliyyatında biz köhnə, yırtıqlı diski çıxarıb, yerinə təzəsini qoymuruq. Bel diskləri üçün protez  yox. Həkim işini görəcək, amma xəstə də işini biləcək.  Bel yırtıqlarında əməliyat son çarədir. Birinci yerdə xəstə həyatını dəyişməlidir. O xəstə evdə divan -kreslo qaldırmayacaq, daş daşımayacaq, çox oturmaq ağrı verirsə, gəzəcək. Buna rəğmən ağrı artırsa bel nahiyəsinə inyeksiyalar vurulur. Xəstə ilk növbədə arıqlamalı, üzməli, fizioterapiyadan keçməlidir. Bİr müddət keçəndən sonra sinirə təzyiq artırsa, əməliyyat gerçəkləşir.  Bel yırtığı xroniki xəstəlikdir: yüksək təzyiq, şəkər kimi. Tutdusa buraxmaz. İnsan ona uyğunlaşacaq. Və heç kim bu xəstəlikdən sığortalanmayıb, mən belə. 


Disklər köhnəlir, hətta 20 yaşında da gəncin bel yırtığı ola bilər. İnsan var 80 yaşında yırtığı yoxdur, amma 13 yaşında da bel yırtığı olan xəstəm var. Demək yaş əsas faktor deyil. Elm bunun səbəbini dəqiq bilmir.  Əsas faktorlardan biri genetikdir. İrsən keçir. Öncədən qarşısını ala biləcəyimiz xəstəlik deyil. Bu müasir dövrün xəstəliyidir. Bəlkə də 20-30 il sonra artıq yeni doğulıacaq uşaqlarda bel yırtığı görə biləcəyəik. Belə gedərsə, bu xəstəlik bzimlə doğulacaq. İnsan bütün orqanlarından çox onurğası ilə pis davranır. 

 

Bel yırtığı ağrısı insan hərəkətdə ikən artır, onurğa şişində isə insan yatanda da o ağrını hiss edər.

Bu halda şübhələnmək lazımdır. 



 -Onurğa xərçəngi varmı?


-Var. Bəzənsə  başqa orqandan xərçəng hüceyrəsi onurğaya metastaz verir. O zaman onurğada əməliyyat edirik.  Xəstə onsuz da çətin durumda, həyat mübarizəsi aparır. Bu tərəfdən də onurğa zədələnərsə, gəzə bilməz. Onurğa şişlərini erkən diaqnozla təyin etsək, başlanğıcda çox asanlıqla, uğurla götürürük, xəstə sağalır. Onurğada şiş olmasının simptomu ağrı ilə büruzə verir. Əgər xəstənin yaşı 45 dən yuxarıdırsa, davamlı onurğa ağrısı varsa, MRT etdirib onurğa şişinə baxılmalıdır. Hər ağrı da şiş demək deyil. Bel yırtığı ağrısı insan hərəkətdə ikən artır, şişdə isə insan yatanda da o ağrını hiss edər. Bu halda şübhələnmək lazımdır. Çox davamlı ağrılar zamanı əvvəl MRT olmalıdır. Bu şiş ağrılarında onurğaya inyeksiya etmək olmaz. Əsasən süd vəzi, prostat vəzi xərçəngi onurğaya metastaz verir. Bu xəstələr 2 əməliyyatdan keçir: birini xərçəng olan orqan üzrə olan həkim icra edir, onurğa üzrə biz. Əgər onurğa əməliyyat olmazsa, xəstə iflic olur. Burda əsas məqsəd xərçəng xəstəsinin qarşıda olan 4-5 il ömrünün daha keyfiyyətli olmasını təmin etməkdir. 

 

-Deyirlər siz Türkiyənin ən tanınmış idmançılarını da əməliyyat edirsiz. İdman zədələri üzrə də uzmansız.


Bəli, biz İstanbulda  məşhur futbol klublarının sağlıq mərkəziyik. Peşəkar futbolçuların zədələrini müalicə edirik. Həmçinin idmanla bağlı istənilən yaralanmaları qapalı əməliyyatlarla icra  edirik. Artıq idmançıların zədə səbəbindən idmandan uzaqlaşmasının qarşısı alınıb. Bu da çox gözəl nəticədir. Fənərbahçe futbolçularının da zədələrini, bel yırtığı əməliyyatını etmişik. İndi aktiv şəkildə oynayırlar. 

 


AYGÜN MUSAYEVA

MEDİCİNA.AZ 

Anadangəlmə onurğa əyriliyi, skoliozu, revmatoid artriti, onurğa yırtığı olanların çarəsi –  Türkiyənin onurğa uzmanından açıqlamalar
Anadangəlmə onurğa əyriliyi, skoliozu, revmatoid artriti, onurğa yırtığı olanların çarəsi –  Türkiyənin onurğa uzmanından açıqlamalar
Anadangəlmə onurğa əyriliyi, skoliozu, revmatoid artriti, onurğa yırtığı olanların çarəsi –  Türkiyənin onurğa uzmanından açıqlamalar