“Ağız suyu” yoxsa “Tüpürcək”? – Həkimlər arasında mübahisəyə səbəb olan tibbi terminlər

  • 2018.03.05 19:12
  • 48754 Baxış
“Ağız suyu” yoxsa “Tüpürcək”? –  Həkimlər arasında mübahisəyə səbəb olan tibbi terminlər
Medicina.az Azərbaycan Tibb jurnalının baş redaktorunun müavini Fuad İslamzadənin bu iki terminin fərqli məna daşıdığını izah edən məqaləsini təqdim edir. 


"Mənim bu iki söz haqqında fikirlərimi oxuculara çatdırmaq fikrinə düşməyimin öz tarixçəsi vardır.

Bundan əvvəl yazdığım məqalələrimdən birində göstərmişəm ki, tibb təhsili almış bir şəxs olduğuma görə, dil problemlərinə dair fikir yürütmək istəməzdim, hesab edirəm ki, dil problemi ilə ixtisaslı dilçilər məşğul olmalıdır. Lakin məsələ ondadır ki, bəzi həmkarlarımızın düzgün bilnədikləri terminlərə dair digərlərinə irad tutmasına tez-tez rast gəlirik. Belələri hətta elmi əsərlərə və dissertasiyalara irad tutur, onlara fikirlərinin yanlış olduğunu bildirdikdə isə nə şifahi izahatla hesablaşır, nə də bilmədiklərini öyrənməyə çalışırlar. 


Bu günlərdə gənc bir həmkarımın elmi jurnalların birində işıq üzü görmüş elmi əsərində ağız suyu əvəzinə tüpürcək sözünün işlədildiyini gördükdə, irad tutmaqdan özümü saxlaya bilməyib dedim: " Doktor, siz ağız suyunu tədqiq etmisiz, tüpürcəyi yox”. Eşitdiyi sözlərə təəccübünü gizlətməyən müsahibim dedi: 

"Müəllim, mən elmi işimin adında " Ağız suyu vəzisi” sözlərini işlətmişdim. Amma dissertasiyanın mövzusu Elmi Şurada müzakirə olunarkən bu söz mübahisəyə dəbəb oldu və qərar alındı ki, "tüpürcək vəzisi” adlandırılmalıdır”.

Məhz bu hadisə ilə əlaqədar, mən hörmətli həmkarlarımın inciyə biləcəklərini də göz önünə gərirərək, ağız suyu və tüpürcəyin nə olduğunu izah etmək qərarına gəldim.


Ağız suyu – ağız boşluğunda yerləşən 3 cüt iri vəzidən (qulaqaltı, çənəaltı, dilaltı vəzilər) və selikli qişanın çoxsaylı xırda vəzilərindən sekresiya edilən mayedir. Onların qarşığı ümumi ağız suyunu təşkil edir. Məsələn, dilaltı və çənəaltı vəzilərin şirəsi qlikoproteinlərlə zəngin olduğu halda, qulaqaltı vəzi şirəsinin tərkibində çoxlu miqdarda alfa –amilaza (ferment) və nisbətən az miqdarda qlikoprotein vardır. Bu şirənin tərkibində homopolisaxaridlərin həzmində iştirak edən sudan və alfa –amilaza fermentindən əlavə, immunoqlobulinlər, qan plazması zülalları, mikropolisaxaridlər, xırdamolekullu üzvi birləşmələr və elektrolitlər olur. Ağız suyunun tərkibində həm də, mikroorqanizmlərə litik təsir edən lizosim adlı qeyri-spesifik mühafizə amili vardır. Beləliklə, ağız suyunun vəzifəsi qidanı isladın, udma aktına hazırlamaqdan, karbohidratların həzmində az da olsa iştirak etməkdən və orqanizmi bəzi mikroorqanizmlərin təsirindən mühafizə etməkdən ibarətdir. 


Tüpürcək -  ağız suyunun ağız boşluğundan kənara atılan hissəsidir. Onun tərkibinə bir qayda olaraq, əsnəyin və burun-udlağın selikli qişasından ifraz eidlən selik, xəstəlik hallarında isə bəlğəm və hətta gəyirmə nəticəsində ağız boşluğuna atılan mədə şirəsi daxil olur. 

Məlumdur ki, Azərbaycan türkcəsində bir sıra çox işlədilən fellər həmin fellərin ifadə etdiyi iş zamanı çıxan səsin imitasiyası üsulu ilə yaranmışdır: məsələn, qoyun mələyir, pişik miyoldayır və s. Tüpürmək sözünün də məhz bu yolla – insan tüpürərkən çıxardığı "tpu” səsinə görə yarandığı şübhə doğurmur. Tüpürcək isə məhz tüpürmə zamanı ağızdan çıxarılıb ayılan mayedir.


2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun səyi nəticəsində işıq üzü görmüş "Azərbaycan dilinin izahlı lüğəti”ndə də ağız suyu və tüpürcək ifadələrinə yuxarıdakı kimi izah verilmişdir. 

Kitabda ağız suyu – "insan və heyvanların ağız boşluğunda xüsusi vəzilərin ifraz etdiyi maye” kimi izah edilir. 

Tüpürmək – ağız suyunu, bəlğəmi və s.-ni ağızdan rədd etmək, tüpürcək – ağızdan tüpürülən ağız suyu kimi izah edilib. 


Bu fonda tibb mütəxəssislərimizin yazdıqları əsərlərdə yanlışlığa yol verdikləri azmış kimi, terminlərdən yerində istifadə edən gənc tədqiqatçını da yanlış yola yönəltmələri təəccüb və təəssüf hissi doğurur və qəribədir ki, bu yanlışlıq kiminsə qələmi vasitəsilə Vikipediyanın Azərbaycan variantına da yol tapmışdır. Halbuki hətta başqa xalqların dilində ağız suyu və tüpürcək sözlərinin qarşılıqları bir-birindən fərqlənir. 


Tibb sahəsində tədqaqat aparan həmkarlarımın əksəriyyəti azərbaycanca təqdim etdikləri əsərlərində olan yanlışlıqlar haqqında verilən məlumatı heç cür qəbul etmək istəmir, əsassız mübahisələr edir və bir qayda olaraq, öz düzgünlüklərini iddia edirlər”. 


Fuad İslamzadə

Azərbaycan Tibb Jurnalının Baş redaktor müavini