“28 iyul Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransından - Zəruri dərmanlar xəstələrə dövlət tərəfindən verilir

  • 2018.07.27 16:44
  • 7884 Baxış
“28 iyul  Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransından -  Zəruri dərmanlar xəstələrə dövlət tərəfindən verilir

27 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) "28 iyul – Ümumdünya Hepatit Günü”nə həsr olunmuş mətbuat konfransı keçirildi.


 Medicina.az xəbər verir ki, konfransı giriş sözü ilə İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə açaraq bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatı və Dünya Hepatit Birliyi tərəfindən təyin olunan bu günün məqsədi dünya əhalisini hepatit virusları barədə məlumatlandırmaq, bu amansız xəstəliyə qarşı mübarizə səylərini gücləndirməyə çağırmaqdır. Azərbaycanda hepatitlərlə mübarizə sahəsində mühüm addımların atıldığını vurğulayan S.Babazadə ölkəmizdə xəstələrə zəruri dərman preparatlarının dövlət hesabına təqdim edildiyini və müalicə işi aparıldığını, profilaktik tədbirlər baxımından İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən maarifləndirici materialların hazırlanaraq çap edildiyini və əhaliyə paylandığını bildirdi.


 

Elmi-tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurasının, eləcə də B və C viruslu hepatitlərin profilaktikası, diaqnostikası və müalicəsinin təşkili üzrə Komissiyanın sədr müavini Həqiqət Qədirova çıxışında hepatit virusunun bütün növlərinə yoluxma, xəstələnmə göstəriciləri və bu sahədə görülən tibbi tədbirlər barədə KİV nümayəndələrinə dolğun məlumat verdi:

 

"Komissiyaya son dörd il ərzində – 30 iyul 2018-ci il tarixinədək kumilyativ olaraq təqdim olunmuş və baxılmış müraciətlərin ümumi sayı 8936 nəfər olub. Onlardan 57 faiz kişi, 43 faiz qadındır. Müalicə haqqında qərarların kumilyativ sayı 6266 olub və hazırda müalicə alan xəstələrin ümumi sayı 1153 nəfərdir”. H.Qədirova həyata keçirilən tədbirlər, həmçinin yeni preparatların tətbiqi nəticəsində sağalma faizinin yüksək olduğunu diqqətə çatdıraraq vurğuladı ki, ölkəmizdə aparılan vaksinasiya, xəstəliyin diaqnostika, müayinə və müalicəsi sahəsində, eləcə də görülən antiepidemioloji tədbirlər bu sahədə vəziyyətin daha da yaxşılaşmasına səbəb olmuşdur.


 

ATU-nun Tədris Terapevtik Klinikasının həkim qastronetroloq-gepatoloqu İlhamə Əmiraslanova çıxış edərək bildirdi ki, hepatit viruslarına hər kəs yoluxa bilər: "Bəli, hepatit viruslarına hər kəs yoluxa bilər, amma bu o demək deyil ki, hepatitdən qorunmaq mümkün deyil. Bunun üçün bir sıra gigiyena qaydalarına əməl etmək, xüsusən şəxsi gigiyena vasitələrindən – diş fırçası, üzqırxan və manikür alətlərindən fərdi qaydada istifadə etmək lazımdır”.