12 yaşına kimi qız uşaqlarına bu peyvənd olunmalıdır- Toppuş bacının müalicə aldığı xərçəng növündən qoruyur

  • 2018.10.20 15:29
  • 10332 Baxış
12 yaşına kimi qız uşaqlarına bu peyvənd olunmalıdır-  Toppuş bacının müalicə aldığı xərçəng  növündən qoruyur
Dünyada qadınlar arasında geniş yayılan papiloma virusunun sonradan uşaqlıq boynu xərçəngi yaratması riski artıq sübut olunub. Daha çox virusun 16-18 tipi onkoloji təhlükəlidir. Bunun qarşısını almaq üçün ABŞ, Avropa və Rusiyada 9 yaşından sonra qız uşaqlarının bu virusa qarşı peyvənd olunması prosesi aparılır. Bir çox ölkələrdə bu peyvənd dövlətin milli peyvənd cədvəlinə daxil olunub. Medicina.az bu gün aktual olan problemin Azərbaycanda necə həll olunduğunu araşdırdı.


Məlum oldu ki, nəinki qızlar, gənc qadınlar, analar belə bu peyvənddən xəbərsizdir.


Halbuki Dünya Səhiyyə təşkilatı tərəfindən təsdiq olunub. Lakin milli peyvənd cədvəlinə daxil edilməyib. Bu peyvəndin olunması pasiyentin şəxsi istəyi arzusuna həvalə olunub.


Ginekoloq Nuridə Zeynalova saytımıza açıqlamasında bildirib ki, əslində bu vaksinin olunması hazırki şəraitdə mütləq və vacibdir. Mən pasiyentlərimə bu barədə məlumat verirəm. Amma ölkədə bu peyvənd haqqında təbliğat aparılmır. Papiloma virusuna yoluxmuş pasiyentlər çoxdur. Keçmiş Sovetlər dövründə və sovet ölkələrində bu vaksin yox idi. Elə indi də çox MDB ölkələrində, hətta Rusiyada da milli təqvimə salınmayıb. Yalnız iri federal dairələrdə və mərkəzdə təqvimdədir. Amma Rusiya və Türkiyədə qadınlar könüllü olaraq peyvəndi vurdurur və bunda maraqlıdır.

 

Mənim pasiyentlərim arasında da demək olar ki nadir halda bu vaksini vurdurmuş qadın olar. Hesab edirəm ki, bizim ölkəmizdə də bu vaksin mütləq məcburi peyvəndlər siyahısına daxil olunmalıdır. Çünki hansı ölkədə bu peyvənd geniş tətbiq olunur, orda qadınlar arasında papiloma virus mənşəli xərçəng xəstəlikləri kəskin azalıb. Rusiyada orta məktəblərdə yeniyetmə qızlar arasında bu peyvəndin gərəkliyi barədə təbliğat aparılır. Ona görə Rusiyada qızlar, qadınlar özlərini siğortalamaq üçün könüllü olaraq peyvənd olunur”.


Bəs artıq papiloma virusuna yoluxmuş qadın bu peyvəndi etdirə bilərmi?


" Bu, mübahisəli məsələdir. Orqanizmdə artıq virus varsa, xüsusən onko təhlükəli VPC 16,18 tip virusa görə konkret müalicə üsulları seçilməlidir. Amma istənilən halda həkimlə məsləhətləşmək olar. Azərbaycanda bu peyvənd üçün vaksinlər gətirilir, özəl klinikalarda olunur. Hazırda bizdə 2 tip üçün vaksin var. ABŞda isə bütün 9 tip virusa qarşı vaksinlər mövcuddur.

 

 



Peyvənddən öncə ginekoloji müayinə mütləqdir, çünki bu virus qan analizi ilə təyin olunmur. Bakıya papiloma virusu əleyhinə peyvəndlər rəsmi distribüterlərlə bağlanmış müqavilə əsasında gətirilir. Pasiyent peyvənd qutusunu yanında açdıraraq, peyvəndin istehsalçı ölkəsi ilə maraqlana bilər”.

 Azərbaycanda Papiloma virusu əleyhinə peyvəndin aparılıb-aparılmamasına dair sorğumuza  Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun epidemiologiya məsələləri üzrə müavini Afaq Əliyeva belə cavab verdi:


" Azərbaycanda papilomma virusuna qarşı qız uşaqları və qadınların peyvəndi aparılmır və bu, peyvənd təqviminə daxil olunmayıb. Hələ ki, bu peyvəndin tətbiqi gözlənilmir. Amma hər hansı vətəndaş bu peyvəndi istərsə, özəl klinikalara müraciət edib, öz istəyi ilə peyvənd oluna bilər”.


Bəs dünyanın onkologiya ilə mübarizə apardığı bir vaxtda müxtəlif yollarla qadınların yoluxduğu papiloma virusuna qarşı bu peyvəndin Azərbaycanın rəsmi səviyyədə dövlətin milli peyvənd təqviminə daxil edilməsi gözlənilirmi sualımız cavabsız olaraq qaldı. Bizim əlimizdən gələn isə, maarifləndirmə işi aparıb, qız və qadınlarımızı bu məsələlərdə ayıq olmağa çalışmaqdır.

 

Qadınlarda istər gənc, istər orta yaşda uşaqlıq boynunun xərçənginə səbəb olan 16-18 tip papiloma virusuna qarşı peyvəndlər var və bu peyvəndlər sizi bu xəstəliklərdən qoruya bilər. Nəzərə alsaq ki, infeksiya daha çox cinsi yolla ötürülür, qızlar cinsi həyata başlamadan öncə bu peyvəndi vurdurmalıdır.


 

 

12 yaşına kimi qız uşaqlarına bu peyvənd olunmalıdır-  Toppuş bacının müalicə aldığı xərçəng  növündən qoruyur